Yerli əhalinin əsas problemi artıq uzun müddətdir onların əksəriyyətini narahat edən və narazı olduqları müvafiq məsələlərin parlamentdə və ya digər dövlət orqanlarında qaldırılmamasıdır. Ümumiyyətlə əhalidən rəy və təkliflərin toplanma sistemi yenidən qurulmalı, onlar arasında periodik olaraq sorğuların keçirilməsi prosesi başlanmalıdır.
Daha sonrakı mərhələdə isə bu problemlər ümumiləşdirilməli, analiz edilməli və onların həll yolları təklif edilməlidir.
İlkin olaraq keçirdiyimiz görüşlər bizə əhalinin böyük bir hissəsinin konkret problemləri və istəkləri olduğunu ortaya çıxardı. Misal olaraq insanlar qış dövründə evlərinin isidilməsi üçün kommunal xərclərinin, xüsusi ilə də qaz xərclərinin çox yüksək olduğunu, qaz limitinin yuxarı qaldırılması üçün addımlar atılmasını təklif edir. Və ya bir sıra ailələrdə uşaq pulunun bərpa edilməsinə dair təkliflər verilmişdir.
İlkin görüşlərdə belə anlaşılan bu problemlər sistemli şəkildə yığılmalı, analizı aparılmalı, mütəxəssis rəyi alınmalıdır. Daha sonra bunlara parlamentdə, digər dövlət qurumlarında, o cümlədən də mətbuatda işıqlandırılmalı, ictimaiyyət tərəfindən müzakirə olunmalıdır. Çünki əgər bir problem haqqında heç bir fikir səslənmirsə, bu problemin həlli də sual altında qalır. Bu isə əhalinin rifah səviyyəsinə birbaşa təsir edir.
Şübhəsiz ki, ölkənin inkişafı və əhalinin rifahı məsələlərində ölkənin parlamenti önəmli rol oynayır. Qanunların qəbul olunduğu, hökümətin işləməsinə nəzarət olunan, dövlət büdcəsinin təsdiqləndiyi bir qurumda məhz siz lənkəranlıları təmsil etmək mənim üçün bir şərəf olacaq.
Mən sizi narahat edən bütün məqamları parlamentin müzakirəsinə çıxararaq onların həlli üçün əlimdən gələni edəcəyəm.