Lənkəranın bir başqa problem də gənclərin məşğulluğu məsələsidir. Gənclər çox vaxt öz bölgələrində iş tapa bilməyərək şəhərlərini tərk etmək məcburiyyətində olurlar. Bu məsələnin həllinə sahibkarların regionumuza diqqətinin cəlb edilməsi ilə nail olmaq mümkündür. Bunun üçün isə burada sahibkarlar üçün əlverişli mühit yaradılmalıdır. Yeni iş yerləri həm də gənclər üçün yeni imkanlara bərabər olacaq.
Gənclərin məşğulluğunun artırılmasına dair təkliflərin verilməsi üçün qeyri-hökümət təşkilatları tərəfindən də araşdırmalar aparılmalı, bu prosesin həyata keçirilməsi üçün onlara qrantlar ayrılması mütləqdir.
Biz inanırıq ki, Lənkəran bu baxımdan yüksək potensiala malikdir və bu inkişafı təmin etmək üçün iş adamlarını bölgəyə cəlb etmək, onların rahat işləməsini təmin etmək mümkündür. Bu istiqamətdə yerli icra hakimiyyəti orqanları ilə birgə çalışmaq və iş imkanlarını bölgədə genişləndirmək bizim əsas prioritetlərimizdən biri olacaq.
Bununla biz bir-birinə bağlı iki problemi tez bir zamanda aradan qaldırılması üçün çalışacağıq. Lənkəran sahibkarların diqqət mərkəzinə çevriləcək, bununla da yeni açılan iş yerlərində gənclərin işlə təmin olunmasına nail olacağıq.